Bir qədər əvvəl BMT Təhlükəsizlik Şurasında (TŞ) üzvlükdən rəsmən imtina etmiş Səudiyyə Ərəbistanı BMT-yə öz qərarı barədə rəsmi xəbərdarlıq edib. Bu barədə BMT nümayəndəsi Martin Nesirki məlumat verib.
“Mən təsdiq edirəm ki, baş katib Səudiyyə Ərəbistanı Krallığından Təhlükəsizlik Şurasındakı yerinə dair məktub alıb. İndi bu məsələ ilə Səudiyyə Ərəbistanı, Təhlükəsizlik Şurası və BMT-yə üzv olan ölkələr məşğul olurlar”, - deyə M.Nesirkinin təşkilatın saytında dərc edilmiş bəyanatında bildirilir.
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının BMT-dəki yerini İordaniya tutmaq niyyətindədir.
Oktyabr ayında Ər-Riyad BMT TŞ-də qeyri-daimi üzv kimi iştirak etməkdən imtina edib və bu qərarını təşkilatın problemləri həll edə bilməməsi ilə əsaslandırıb.
BMT TŞ-yə 15 ölkə daxildir, onlardan beşi - Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya daimi üzvlərdir. Daha 10 ölkə hər iki ildən bir BMT Baş Assambleyasında gizli səsvermə yolu ilə seçilir.