İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Biləsuvar və Culfa sərhəd-buraxılış məntəqələrində qoyulmuş məhdudiyyətlərin Bakı və Tehran arasındakı münasibətlərdə hər hansı bir gərginlikdən irəli gəlmədiyini söyləyib.
İranın İRNA Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində İran və Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu deyən səfir bu əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.
“Ölkələrimiz arasında normal münasibətlər var. Biləsuvar və Culfa sərhəd-buraxılış məntəqlərindəki problemlər üzrə məsləhətləşmələr aparılır”,- deyə diplomat qeyd edib.
Uzun sərhədlərə malik olan ölkələr arasında fikir ayrılığının yaranmasının normal hal olduğunu qeyd edən səfir söyləyib: “İran və Azərbaycan arasında sərhədlər haqqında sazişi nəzərə alaraq qarşılıqlı anlaşma şəraitində düzgün qərar qəbul etmək hər zaman mümkündür”.
Bununla yanaşı, M.Pak Ayin deyib ki, Astara və Poldəşt sərhədləri açıq olaraq qalır. O, iki ölkənin vətəndaşları tərəfindən sərhəd keçilərkən və ikitərəfli sazişlər yerinə yetirilərkən gələcəkdə belə halların təkrarlanmayacağına və normal şərtlərin bərpa ediləcəyinə ümid etdiyini bildirib.
Azərbaycan noyabrın 6-da Biləsuvar rayonu ərazisindəki Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb. Buna səbəb azərbaycanlı traktorçuya İran tərəfdən atəş açılması olub. Buna cavab olaraq İran tərəfi Biləsuvar və Culfa sərhəd-keçid məntəqlərini bağlayıb.