Ermənistan parlamentinin deputatları çərşənbə günü “Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında” qanun layihəsi üzrə səsvermə prosesini pozublar.
Parlament fraksiyalarının əksəriyyəti "İrs" müxalifət fraksiyası tərəfindən təqdim edilmiş qanun layihəsi üzrə səsvermədə iştirakdan imtina edib. Nəticədə 109 deputatdan 10-u qanun layihəsinin lehinə səs verib.
"İrs" fraksiyası “Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında” qanun layihəsini dəfələrlə səsverməyə təqdim edib, ancaq parlament fraksiyalarının əksəriyyətinin fikrincə, bu, indiki mərhələdə məqsədəuyğun deyil və Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların iflasa uğramasına gətirib çıxara bilər.
Ermənistan prezidenti Serj Sarqsyan martda ölkə telekanallarına müsahibəsində bəyan edib ki, İrəvan Qarabağın müstəqilliyini yalnız müharibə başladığı halda tanıyacaq. "Azərbaycanın hərbi əməliyyatlara başlayacağı və ya çıxılmaz vəziyyətin yaranacağı və bizim alternativimizin olmayacağı halda biz Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq. O zaman biz heç nə itirməyəcəyik. Qalan hallarda Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında danışmağa lüzum yoxdur", - deyə o bildirib.
"Əgər biz indi belə qərar qəbul etsək, danışıqlar dayandırılacaq. Bu, yalnız danışıqlar tərəfinə deyil, həm də Minsk Qrupunun həmsədrlərinə zərbə olacaq. Bəs birdən müharibə başlasa? Biz bütün dünyaya qarşı vuruşacağıq? Qarabağın müstəqilliyinin tanınması çağırışları ilə yalnız məsuliyyətsiz insanlar çıxış edə bilərlər", - deyə S.Sarqsyan hesab edir.