Azərbaycanda hepatit C virusunun kütləvi şəkildə yayılmasının qarşısının alınması və profilaktikası məqsədi ilə dövlət proqramı qəbul edilməlidir. Milli Məclisin deputatı Qənirə Paşayeva belə hesab edir.
“Bu gün Azərbaycanda vətəndaşların hepatit C virusuna yoluxması problemi mövcuddur”, - deyə Q.Paşayeva çərşənbə günü parlamentin 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bildirib.
“Onun sözlərinə görə, 3-4 ildən sonra Azərbaycanda bu sahədə çox ağır vəziyyət yarana bilər.
“Bununla əlaqədar hepatitlə mübarizə üzrə dövlət proqramının işlənib hazırlanması və qəbul edilməsi istiqamətində təcili tədbirlər görülməlidir”,- deyə deputat vurğulayıb.
Q.Paşayeva birinci qrup əlillərin təhsil haqqından azad edilməsi təklifini də irəli sürüb.
“Birinci qrup əlillərin təhsil haqqından azad edilməsi çox gözəl humanist aksiya olardı. Dövlət bu kateqoriyadan olan vətəndaşlara müavinət ayırır. Lakin bu vəsait təhsil haqqını ödəmək üçün kifayət deyil. Birinci qrup əlillər o qədər də çox deyil, buna görə də bu qərarın qəbul edilməsi onların ruhdan düşməməsinə və normal həyat yaşamasına kömək edə bilər. Bir neçə ay əvvəl parlament kimsəsiz və valideyn himayəsindən məhrum olmuş gənclərin ödənişli təhsil müəssisələrində dövlət hesabına oxuması barədə qanun qəbul etdi. Bu, çox doğru addım idi və bunu əlillərlə də bağlı tətbiq etmək olar”, - deyə deputat vurğulayıb.