Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Saatlı rayonunda müasir çörək zavodunun, kiçik cins heyvandarlıq təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Saatlı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır.