Suriya müxalifətinin bəzi nümayəndələri “Cenevrə-2” konfransının keçirilməsinə mane olmaq istəyirlər, lakin ölkədə böhranın həll edilməsi üçün başqa yol yoxdur. Bu barədə Suriyanın Dəyişmə və Azadlıq uğrunda Xalq Cəbhəsinin lideri Qədri Cəmil bəyan edib.
“Beynəlxalq aləm “Cenevrə-2” konfransını çağırmağa qərar verib, buna görə də fantaziya və illüziyaların yeri yoxdur. Bəziləri deyirlər ki “Cenevrə-2” baş tutmayacaq, çünki mövcud vəziyyət həll oluna bilməyəcək, lakin konfrans çağırılmasa da vəziyyət dəyişməyəcək”, - deyə Q. Cəmil çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında bildirib.
“Bəziləri konfransa mane olmaq istəyir və onun baş tutmayacağını deyirlər. “Cenevrə-2” konfransının keçirilməsini istəməyənlər qoy nə istədiklərini desinlər. “Cenevrə-2”dən başqa hansı həll yolu var? Əminəm ki, başqa yol yoxdur”, - deyə o vurğulayıb.
Q.Cəmilin sözlərinə görə, Suriya əhalisinin 90%-i özünü nə müxalifətin, nə də hökumətin tərəfdarı hesab edir. “Onlar yaşamaq istəyirlər, istəyirlər ki, uşaqları məktəbə getsin, bombalar partlamasın”, - deyə o söyləyib.
“Ordu məsələni həll edə bilməz, onun rəqibi də güclüdür. Əgər münaqişə davam edərsə, burda qalib olmayacaq - qalib kimin üzərində qələbə çalacaq?”, - deyə Q.Cəmil vurğulayıb.