Vergilər Nazirliyi vergi sistemində və vergi inzibatçılığında islahatların aparılması prosesini davam etdirəcək. Bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogi və onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə görüşdə bildirib.
Nazir müavini deyib ki, qarşıdakı ildə vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmlərin tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi həyata keçiriləcək.
Görüşdə 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsinin icrası və 2014-2015-ci illər üzrə dövlət büdcəsinin müvafiq proqnoz göstəriciləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan iqtisadiyyatında müşahidə olunan iqtisadi inkişafı qeyd edən missiya rəhbəri R.Almarzogi hökumətin qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətlərini müsbət qiymətləndirib, vergi sistemində aparılan islahatların əhəmiyyətini, elektron xidmətlər sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.