Milli Məclisin deputatı Fuad Muradov 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin “məruz qaldığı qondarma soyqırım” ərəfəsində erməni təbliğatına qarşı fəaliyyəti gücləndirməyə çağırır.
“2015-ci ildə dünya erməniləri qondarma "soyqırım"ın 100 illik yubileyini qeyd edəcəklər. “Mən istərdim ki, onların təbliğatının qarşısının alınması üçün müvafiq dövlət qurumlarına xüsusi maliyyə ayrılsın”, - deyə F.Muradov cümə axşamı Milli Məclisin 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bildirib.
Onun sözlərinə görə, erməni lobbisi 2015-ci ilə ciddi hazırlaşır və erməni soyqırımı ilə bağlı bir çox tədbirlər keçirməyi planlaşdırır.
“Hesab edirəm ki, Azərbaycan da öz təbliğat siyasətini gücləndirməlidir”, - deyə deputat vurğulayıb.
O, həmçinin Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 Azərbaycan vətəndaşına hərtərəfli yardım göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi təklifi ilə çıxış edib.