Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin hər bir deputatının yerlərdə qərargahlarla təmin edilməsini vacib hesab edir.
“Bizim hamımızı deputatların qərargahlarla və xidməti nəqliyyatla təmin edilməsi məsələsi, eləcə də deputat köməkçilərinin fəaliyyətində mövcud olan bir sıra problemlər narahat edir”, - deyə vitse-spiker cümə axşamı Milli Məclisin 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bildirib.
B.Muradova ölkə regionlarında Milli Məclisin balansına daxil edilmiş xüsusi ofislərin yaradılmasının vacibliyini qeyd edib.
“Mövcud qanunvericiliyə əsasən, yerli icra hakimiyyətləri tərəfindən deputatların ofis, nəqliyyat, telefon xətti ilə təmin edilməsi nəzərdə tutulub, lakin bu müddəaların icra edilməsində mövcud olan çətinliklər yalnız bizə məlumdur”, - deyə vitse-spiker bildirib.
O, yerlərdə Milli Məclisin balansına daxil olan daşınmaz əmlakın olmasının zəruriliyini vurğulayıb.
“Və hər bir deputatın bilavasitə hər bir regionda özünün iş ofisi olmalıdır. Bu gün ölkənin rayonlarında fəal inkişaf gedir və hesab edirəm ki, yerlərdə deputatlar üçün ofislərin tikintisi böyük maliyyə xərcləri tələb etməz”, - deyən B.Muradova hər bir seçki dairəsində Milli Məclisin deputatları üçün qərargahların tikilməsinin vacibliyini diqqətə çatdırıb.
“Mən bu məsələni qaldırıram və dövlət başçısından bizə dəstək göstərməsini xahiş edirəm. Təklif edirəm ki, bununla əlaqədar layihə hazırlansın və yaxın illərdə biz bu ideyanı reallaşdıra bilək, Ən azı 2015-ci ildə yeni çağırış Milli Məclisin deputatlarının öz rayonlarında ayrıca müvafiq qərargahları olsun”, - deyə vitse-spiker söyləyib.
O, həmçinin deputatlarn dövlət hesabına şəxsi nəqliyyat və sürücü ilə, həmçinin onların sürücülərinin sosial hüquqlarının təmin olunmasının vacibliyini qeyd edib.
“Hazırda deputatlar bu və ya digər təşkilatın nəzdində olan binalardakı kabinetlərdə işləməyə məcburdurlar və nəticədə onlar olduqları məkanda qonaqdırlar”, - deyə B.Muradova vurğulayıb.
O, həmçinin deputat köməkçilərinin əmək haqlarının artırılmasının və onların seçicilərlə görüşmək üçün regionlara səfərləri zamanı nəqliyyat xərclərinin ödənilməsinin də lazım olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Milli Məclisin deputatı Elmira Axundova deputat köməkçilərinə xüsusi statusun verilməsi və onların əmək haqlarının artırılması təklifi ilə çıxış edib.
“Bu gün deputat köməkçiləri 500-550 manat əmək haqqı alırlar. Onların əmək haqlarını 200-300 manat artırmağı təklif edirəm”, - deyə deputat əlavə edib.