Ukrayna və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq və Azərbaycanda böyük infrastruktur layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib. Bu barədə Ukraynanın baş nazirinin müavini Konstantin Qrişenko məlumat verib.
“Bu gün biz komissiyamızın iclası zamanı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Xüsusilə energetika sahəsində qarşılıqlı fəaliyyət, Azərbaycanda iri infrastruktur layihələrinin reallaşdırılması, nəqliyyyat və kosmik sahələrdə əməkdaşlıq məsələləri müzakirə mövzusu oldu”, - deyə K.Qrişenko cümə axşamı Kiyevdə Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Energetika və qaz məsələlərinə toxunan K.Qrişenko deyib ki, tərəflər bu sahədə əməkdaşlığın strateji səviyyəyə çatması üçün atılacaq addımları müəyyənləşdiriblər, həmçinin bu cür əməkdaşlığın həyata keçirilməsində müsbət dinamikanı qeyd ediblər.
K.Qrişenko onu da söyləyib ki, İqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının bugünkü iclasının nəticələri üzrə sənədlər hazırlanacaq ki, onlar da Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı imzalana bilər.
Ancaq o, Azərbaycan prezidentinin Ukraynaya mümkün səfərinin nə vaxt baş tutacağı barədə məlumat verməyib.