MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev hesab edir ki, birlik ölkələri maliyyə böhranını dəf edə biliblər, lakin hələ də müəyyən çətinliklər var.
“Baxmayaraq ki, maliyyə böhranının kəskin mərhələsi geridə qalıb və MDB ölkələrinin əksəriyyəti maliyyə bazarlarında öz mövqelərini möhkəmləndirə və ölkədaxili vəziyyəti sabitləşdirə bilib, ancaq yenə də müəyyən çətinliklər qalmaqdadır”, - deyə S.Lebedev MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq Bank Konfransının kuluarlarında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, çətinliklərin aradan qaldırılması üçün MDB ölkələri ilə azad ticarət zonası haqqında müqavilə artıq qüvvəyə minib.
Onlar haqqında (çətinliklər - İF-Az) mətbuat müntəzəm olaraq yazır, ekspertlər danışır. Və bu gün qeyd olunan mövzu bu konfransda davam etdiriləcək. Maliyyə sahəsində qarşılıqlı hesablaşmalarda bu çətinlikləri aradan qaldırmaq, eləcə də MDB və uzaq xarici ölkələrlə ticarəti asanlaşdırmaq üçün MDB məkanında azad ticarət zonası haqqında müqavilə qüvvəyə minib, gömrük məhdudiyyətləri aradan götürülür, ticarət inkişaf edir”, - deyə o vurğulayıb.
S.Lebedev artıq ənənəyə çevrilmiş konfrans çərçivəsində iştirakçıların məhsuldar diskussiyalar aparacağına ümid etdiyini deyib.
“Mən çox ümid edirəm ki, biznesi necə inkişaf etdirmək, ən əsası isə onu necə maliyyələşdirmək barədə işgüzar və maraqlı söhbətlər olacaq. Artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün ənənəvi meydançaya çevrilmiş Bakıda toplaşan MDB dövlətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran mövzulara toxunacaqlar. Biz qonşuyuq. Biz ənənəvi iqtisadi əlaqələri qoruyur və inkişaf etdirirk. Bu cür əməkdaşlıq və dialoq labüddür”,- deyə o əlavə edib.