Azərbaycan Mərkəzi Bankı (AMB) minimal məcmu kapitalın 50 mln. manata çatdırılması ilə bağlı banklar qarşısında qoyulan tələbin yerinə yetirilmə müddətini 2015-ci il yanvarın 1-nə qədər uzadıb. Bu barədə AMB-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin iyul ayında AMB-nin İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinə tələb 50 mln. manatadək artırılmışdı. Yeni kapital tələbinə uyğunlaşmaq üçün banklara 1 yanvar 2014-cü il tarixədək müddət verilmişdi.
“Azərbaycanda fəaliyyət göstərən banklar ötən müddət ərzində kapitalın həcmmini artırıblar və keyfiyyətini yaxşılaşdırıblar. Ötən 15 ay ərzində bankların məcmu kapitalı 48% və ya 1 mlrd. manat artaraq 3,2 mlrd. manata çatmışdır. Halbuki bundan əvvəl bank sektorunun kapitalının 1 mlrd. manat artımı üçün 4 ildən çox vaxt tələb olunmuşdu”, - deyə məlumatda qeyd edilir.
2012-ci ilin iyulundan kapitalı 100 milyon manatdan çox olan özəl bankların sayı 2 dəfə artaraq 8-ə çatıb.
Qiymətləndirmələr göstərir ki, 2013-cü ilin sonunadək bank sektorunun aktivlərinin 95%-nə və əhalinin əmanətlərinin 96%-nə malik bankların kapitalının həcmi 50 mln. manatı ötəcək.
Kapitallaşma potensialının mövcud olmasına baxmayaraq bank sektorunun aktivlərində cəmi 5% paya malik banklar tərəfindən kapital tələbinin icrası üçün əlavə vaxt tələb olunur. Qeyd olunanları nəzərə alaraq, eləcə də bank kreditor və əmanətçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, bütövlükdə bank sektorunun maliyyə sabitliyinin qorunması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 14 noyabr 2013-cü il tarixli qərarı ilə banklara məcmu kapitalın 50 mln. manata çatdırılması üçün 01 yanvar 2015-ci ilədək möhlət verilib”, - deyə məlumatda bildirilir.
Bununla əlaqədar olaraq kapitalını 50 mln. manata çatdırmamış banklara cari ilin sonunadək əlavə möhlət dövrü üçün kapitalizasiya planlarını bir daha dəqiqləşdirərək Mərkəzi Banka təqdim etmələri tapşırılıb.
2013-cü il noyabrın 15-nə Azərbaycanda 43 bankın fəaliyyət göstərmək üçün lisenziyası var.