Prezident İlham Əliyev cümə günü Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Krister Mikelssonun etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xalqlarımız arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirib.
O, Azərbaycan ilə Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğulayıb.
Səfir Krister Mikelsson ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.
İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan səfir əlaqələrimizin inkişaf etdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Finlandiyalı diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.