Bazar ertəsi Suriyanın şimalında yerləşən Tel-Aran şəhərində prezident tərəfdarları ilə üsyançılar arasında baş vermiş toqquşmalarda ən azı 28 nəfərin həlak olduğu bildirilir. Bu barədə Londonda yerləşən Suriya İnsan Hüquqları üzrə Müşahidə Şurası məlumat verir.
“Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olan ən azı 18, “Əl-Qaidə” ilə əlaqəli olan iki qruplaşmadan isə 10 döyüşçü həlak olub”, - deyə Müşahidə Şurasından bildirilib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, 2011-ci ilin mart ayından bu günə qədər davam edən Suriya münaqişəsində 115 mindən çox insan həlak olub.