Ermənistan prezidenti Serj Sarqsyan bu gün axşam Avstriyaya işçi səfərə yola düşəcək.
“Ermənistan dövlət başçısının mətbuat xidmətindən “İnterfaks” agentliyinə verilən məlumata görə, noyabrın 19-da Vyanada S.Sarqsyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü keçiriləcək.
Səfər çərçivəsində Ermənistan prezidenti avstriyalı həmkarı Haynts Fişerlə də görüşəcək.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 4-5-də regiona səfərinin yekunlarına dair verdikləri bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün noyabr ayında görüşməyə razılıq verdikləri bildirilmişdi.
“Prezidentlər münaqişənin nizamlanması üzrə öz mövqelərini dəqiqləşdirmək və prosesdə irəliləyiş yollarını müzakirə etmək üçün bu ilin noyabr ayında görüşmək niyyətində olduqlarını təsdiq ediblər”, - deyə vasitəçilərin bəyanatında qeyd olunur.