Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tütün tədarükü, emalı və satışı ilə məşğul olan “Zaqatala-Tütün” fabrikinin səhmlərinin 30%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Komitənin məlumatına əsasən, SC-nin 141,029 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli fiziki və hüquqi şəxslər, həm də xarici investorlar iştirak edə bilər.
İnvestisiya proqramına müəssisənin fəaliyyət istiqamətindən asılı olaraq yeni avadanlığın alınması və quraşdırılması, eləcə də investisiyaların həcmi və müddətinə dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 35 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə təklifləri 2013-cü il dekabrın 16-na qədər qəbul ediləcək, dekabrın 18-də isə qiymətləndiriləcək.
“Zaqatala-Tütün” fabriki SC Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşir. Müəssisə 1973-cü ildə işə salınıb, iki nəfər işçisi var.
Sentyabrın 1-nə SC-nin nizamnamə kapitalı 940,136 min manata bərabərdir və bir qiymətli kağızın nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
2013-cü il sentyabrın 1-nə SC-nin öhdəlikləri 75 min 844,27 manat təşkil edir, debitor borcu yoxdur.