İran Suriyadakı zorakılığı dəstəkləmir və ora nə hərbçi, nə də silah göndərir. Bu barədə İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bəyan edib.
“Biz ora nəinki silahlı qüvvə, heç silah da göndərməmişik”, - deyə o, çərşənbə axşamı Moskvada mətbuat konfransında bildirib.
“Biz Suriyaya yanaşmanı yalnız siyasi hesab edirik, ora silah tədarükü və istənilən qüvvənin daxil edilməsi tərəfimizdən dəstəklənmir”, - deyə XİN başçısının müavini vurğulayıb.
“Bizim bəzi hərbi müşavirlərimiz beynəlxalq terrorizmlə mübarizə apara bilmələri üçün suriyalılara məsləhətlər verirlər. BMT-yə üzv olan bütün ölkələr Suriyaya beynəlxalq terror elementləri ilə mübarizə aparmaqda kömək etməlidirlər. Qeyd etmək istəyirəm ki, terrorçuluqla mübarizə aparmaq üçün Suriyaya məsləhət vermək beynəlxalq vəzifədir”, - deyə o bildirib.
H.Abdulahiyan qeyd edib ki, Tehran Suriyaya tibbi ləvazimat və humanitar yüklü təyyarələr göndərib, onlar yoxlanılıb və yükərin içində silah tapılmayıb.