Prezident İlham Əliyev Ukraynaya ikigünlük rəsmi səfərdən sonra bazar ertəsi axşam Avstriya Respublikasına gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə axşamı Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında keçiriləcək.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 4-5-də regiona səfərinin yekunlarına dair verdikləri bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün noyabr ayında görüşməyə razılıq verdikləri bildirilmişdi.
“Prezidentlər münaqişənin nizamlanması üzrə öz mövqelərini dəqiqləşdirmək və prosesdə irəliləyiş yollarını müzakirə etmək üçün bu ilin noyabr ayında görüşmək niyyətində olduqlarını təsdiq ediblər”, - deyə vasitəçilərin bəyanatında qeyd olunur.