BMT-nin Kosmosdan İstifadə üzrə Proqamının İlkin Kosmik Texnologiyalar Təşəbbüsü çərçivəsində “Nano-Peyk Texnologiyaları üzrə Uzunmüddətli Təqaüd Proqramı” üzrə ölkəmizdən namizədlər təqdim olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Proqramda ikiillik magistratura dərəcəsi üzrə iki və üçillik doktorluq dərəcəsinə dörd namizədin seçilməsi planlaşdırılır.
Namizədlər ingilis dilində mükəmməl yazı və danışıq qabiliyyətinə malik olmalı, magistratura təhsili üçün mühəndislik və ya oxşar texnologiya sahələri üzrə bakalavr və ya dörd illik universitet təhsili, doktorantura təhsili üçün magistr dərəcəsinə və ya beşillik universitet təhsilinə sahib olmalıdırlar.
Seçilmiş namizədlərin müvafiq xərcləri Kyuşu Texnologiya İnstitutu və BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi tərəfindən qarşılanacaq. Müraciətlər 27 yanvar 2014-cü il tarixinədək qəbul edilir.
Sözügedən təqaüd proqramı Yaponiya Hökuməti və BMT-nin Kosmik Məsələlər üzrə İdarəsinin birgə təşəbbüsü ilə həyata keçirilir.