Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Taylandın Banqkok şəhərində keçirilən “ITU Telecom World 2013” sərgi-konfransında iştirak edir. Bu barədə nazirliyin saytında məlumat verilir.
Konfrans çərşənbə axşamı öz işinə başlayıb və noyabrın 22-nə qədər davam edəcək. İKT sahəsinə aid milli nailiyyətlərin nümayiş olunduğu tədbirdə Azərbaycandan 22 İT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak edirlər.
Sərgidə Azərbaycanın milli pavilyonu üçün ayrılmış 156 kvadratmetrlik sahədə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən “Azerspace”, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), “Elektron hökumət” həlləri, “Dilmanc” layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan “3G” və “4G” xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilir.
Konfrans çərçivəsində “Azərbaycan gecəsi”nin keçirilməsi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları da təşkil olunacaq.
Bununla yanaşı, qabaqcıl İT korporasiya və şirkət liderləri, müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.