Almaniya Bundestaqının deputatı Benhard Şult Druqlettenin rəhbərlik etdiyi “Beynəlxalq parlament təqaüdü” (IPS) nümayəndə heyəti cümə axşamı Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi Aytən Məhərrəmli məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi Almaniya Bundestaqının ayırdığı təqaüd hesabına 2014-cü ilin mart ayından iyul ayına qədər bu ölkədə parlamentin iş sistemi ilə tanış olacaq namizədlərin seçilməsidir.
Səfər çərçivəsində almaniyalı deputatlar Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovla görüşəcəklər.
Bundan başqa, Almaniya nümayəndə heyətinin Azərbaycan Diplomatik Akademiyasında ali məktəblərin tələbələri ilə görüşləri təşkil olunacaq.
Almaniya Bundestaqı hər il dünyanın 28 ölkəsindən 120 tələbəni Almaniya parlamentinin iş sistemi ilə tanış olmaq üçün dəvət edir.