Masallı rayonunda Azərbaycan dilində nəşr edilmiş “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman- tədqiqatın beşinci cildinin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Milli Məclisin deputatı, yazıçı, publisist Elmira Axundovanın müəllifi olduğu bu əsər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edir.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbət zamanı E.Axundova qeyd edib ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsərinin üzərində 10 ildən çoxdur işləyir.
“Artıq rus dilində yeddi cild nəşr edilib və bu gün Masallı rayonunda Azərbaycan dilində çap olunmuş beşinci cildin təqdimatı keçirilir. Bu cild çox qısa dövrü - 1990-1993-cü illəri əhatə etsə də, 800 səhifədən ibarətdir.
Kitabın beşinci cildi ümummilli liderin həyatının, Azərbaycanın və eyni zamanda Naxçıvanın ən çətin günlərini əks etdirir. Həmin vaxt Azərbaycanda və Sovet məkanında böyük hadisələr baş vermişdi: SSRİ dağılmış, Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Naxçıvan blokadada idi. Və bu, Heydər Əliyev üçün ən məsuliyyətli dövr idi. Lakin o dövrdə baş verən hadisələr haqqında çox az məlumat var, buna görə də mən bu barədə geniş məlumat verməyi özümə borc bilim”, - deyə E.Axundova bildirib. Onun sözlərinə görə, kitabda eksklüziv materiallar, ümummilli liderlə çiyin-çiyinə çalışmış, onunla sıx münasibətdə olmuş 100-dən artıq şəxsin verdiyi məlumatlar yer alıb.
“Kitabın rus dilində altıncı və yeddinci cildləri hazırdır, indi isə mən onların Azərbaycan dilində olan versiyası üzərində işləyirəm. Qeyd etmək istəyirəm ki, hazırda bu kitabların xaricdə yayılması prosesi gedir. Lakin mən daha üç cild üzərində işləyirəm və yəqin ki, onlar da xaricdə çıxacaq”, - deyə E.Axundova bildirib.
Onun sözlərinə görə, kitablar artıq tacik və çin dillərinə tərcümə edilib, gələcəkdə isə onların ingilis, ukrayna və fransız dillərinə tərcümə edilməsi üzərində iş başlayacaq.