Azərbaycan yığma komandasının şahmat üzrə Avropa çempionatında qələbə qazanması Azərbaycan xalqının intellektual potensialını nümayiş etdirir. AzTV dövlət telekanalının verdiyi məlumata görə, bu barədə prezident İlham Əliyev Polşada keçirilən Şahmat üzrə Avropa çempionatında qələbə qazanmış Azərbaycan yığma komandasının üzvləri ilə bu gün keçirdiyi görüşdə bəyan edib.
“Bu, tarixi qələbədir və simvolik məna daşıyır. Mənə məlumdur ki, bu qələbə çox gərgin mübarizə nəticəsində əldə edilib”, - deyə İ.Əliyev bildirib. Dövlət başçısı azərbaycanlı şahmatçıları tarixi qələbə münasibəti ilə təbrik edərək vurğulayıb ki, bu uğur Avropa şahmatı tarixində öz yerini tutacaq.
“Bu qələbənin özəlliyi onun komanda qələbəsi olmasındadır. Bu, bir idmançının qələbəsi deyil, komandanın güclü potensialının, ölkədə şahmatın səviyyəsinin nə dərəcədə güclü olmasının nümayiş etdirilməsidir. Bu gün ölkədə şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir”, - deyə İ.Əliyev bildirib.
Prezident söyləyib ki, Azərbaycanda şahmatın inkişafına böyük diqqət ayrılır, regionlarda müasir şahmat məktəbləri açılır. Onun sözlərinə görə, dövlət şahmatın kütləvi xarakter alması üçün məqsədyönlü iş aparır.
Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan İ.Əliyev seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib.
Dövlət başçısının sözlərinə görə, növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsidir.
Görüşdə çıxış edən Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib.