Romada İtaliya-Azərbaycan Turizm Forumu çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.
Forumda iştirak etmək üçün mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi 100 nəfərlik nümayəndə heyəti Romaya gedib.
Forumda hər iki tərəfin turizm şirkətləri arasında biznes görüşləri və təqdimatlar keçirilmiş, turizm sənayesində çalışan sahibkarlar və dövlət nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialının, həmçinin turizm şirkətləri tərəfindən turizmin müxtəlif növlərinin (mədəni turizm, müalicə turizmi və ekoturizm), eləcə də "Şahdağ" Qış-Yay Turizm Kompleksinin təqdimatları keçirilib.