Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında 2015-ci ildə Bakıda keçirilməsi planlaşdırılılan 1-ci Avropa Oyunlarına hazırlıq müzakirə olunacaq. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün İtaliyaya rəsmi səfər edəcək.
Tədbirdə Komitənin prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
Bundan başqa, 1-ci Avropa Oyunları ilə bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.
Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası 22-23 noyabr tarixlərində baş tutacaq.