Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni bölüşməyə hazırdır. Bu barədə jurnalistlərə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov bildirib.
“NATO-nun Çikaqoda keçirilən sonuncu sammitində enerji təhlükəsizliyi təşkilatın strateji məqsədlərindən biri kimi seçilib. Bununla əlaqədar bu istiqamətdə araşdırmaların aparılması üçün xüsusi mərkəz yaradılıb”, - deyə F.Məmmədov Bakıda “Enerji təhlükəsizliyinə birgə yanaşma: NATO və digər tərəflərin mövqeyi” mövzusunda beynəlxalq konfransın kuluarlarında qeyd edib.
Onun sözlərinə görə, bu, həmin mərkəz tərəfindən təşkil edilmiş ilk belə tədbirdir və Azərbaycan enerji təhlükəsizliyi sahəsindəki təcrübəsini bölüşməyə hazırdır.
“Bu gün mərkəz SAM-la birlikdə Qafqazda ilk tədbirini Azərbaycanda keçirir. Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir və biz təcrübə mübadiləsi aparmaq məqsədi ilə bugünkü konfransı təşkil etmişik”,- deyə F.Məmmədov əlavə edib.