Noyabrın 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Azərbaycanın dövlət başçısının saytında verilən məlumata görə, 11 sənəd imzalanıb.
Dövlət başçıları “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni imzalayıblar.
Mərasimdə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Respublikası ərazisində yeni təhsil müəssisələrinin yaradılması haqqında Protokol”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında Məsləhətləşmələr Planı”,
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”,
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü il tarixli Sazişə əlavələr və dəyişikliklər edilməsi haqqında Protokol” imzalanıb.
Bundan başqa, “Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti və Belarus Respublikası Qrodno vilayətinin Oşmyanski Rayon İcra Komitəsi arasında əməkdaşlıq haqqında Saziş”, “Gəncə şəhəri və Qomel şəhəri arasında əməkdaşlıq haqqında Saziş” imzalanıb.
İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Belarus Respublikasının Dövlət Nəzarəti Komitəsinin Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Diplomatik Akademiyası və Belarus Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Diplomatik Akademiyası və Belarus Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Saziş” də var.