Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Gülməmmədovun Hesablama Palatasının rəhbəri postuna namizədliyi təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan xəbər verir.
Xəbər verildiyi kimi, 2013-cü ilin oktyabr ayının sonundan Hesablama Palatasının sədri Heydər Əsədov kənd təsərrüfatı naziri seçildikdən sonra bu vəzifə boş qalıb.
Qanunvericiliyə əsasən, Hesablama Palatasının sədri 7 il müddətinə seçilir.
V.Gülməmmədov Hesablama Palatasının investisiyalara nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
V.Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad İnstitutunun məzunudur.
1993-1997-ci illərdə Bakının Suraxanı rayonunun Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib, 1997-2007-ci illərdə Maliyyə Nazirliyində işləyib, 2007-ci ildən Hesablama Palatasında çalışır.