Ermənistan və İran Kür və Araz transsərhəd çaylarına müntəzəm olaraq tullantılar axıdır və bununla da Azərbaycan üçün ciddi təhlükə yaradırlar. Bu fikirləri Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
“Ermənistan və İran Azərbaycanla sərhəddən keçən çayları daim çirkləndirirlər ki, bu da sərhədyanı suların istifadəsi və mühafizəsinə dair beynəlxalq konvensiya və əsasnamələrin pozulması deməkdir”, - deyə S.Novruzov cümə günü parlamentin plenar iclasında bildirib.
O, Ermənistan tərəfinin çaylara partladıcı maddələr də atdığını qeyd edərək bir neçə il öncə bunun nəticəsində azərbaycanlı qızın həlak olduğunu xatırladıb.
“Bundan əlavə, transsərhəd sularının Ermənistan tərəfindən çirkləndirilməsi Azərbaycanın kənd təsərrüfatına da mənfi təsir göstərir”, - deyə deputat bildirib.
Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanın bu məsələdə Ermənistana təsir göstərmək imkanı olmadığını bildirərək beynəlxalq birliyi bu problemin həllinə kömək etməyə çağırıb.
“Ermənistanın transsərhəd sularını çirkləndirməsi faktını daim nəzarətdə saxlamaq lazımdır”, - deyə parlamentin deputatı Fuad Muradov qeyd edib.
Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair Konvensiya”ya düzəlişlər qəbul edilib.