Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 265,3 mln. manat kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4,023 min investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 11 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Tovuz rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 80-nə yaxın sahibkar iştirak edib.
İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 3 480 investisiya layihəsinin həyata keçirilməsi üçün 131,7 mln. manat məbləğində güzəştli kredit verilib.
“Tədbir çərçivəsində 51 sahibkarlıq subyekti 714,2 min manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 80-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır.