Azərbaycan Beynəlxalq Bankının (ABB) öz proqramı çərçivəsində ipoteka portfeli 150 mln. manat təşkil edir. Bu barədə bankın Pərakəndə biznes departamentinin direktoru Elmir Həbibullayev “Zerkalo” qəzetinə müsahibəsində məlumat verib.
“Hazırda gənclər üçün ən ciddi problemlərdən biri mənzil problemidir. Qeyd edim ki, ABB mənzil kreditləşməsi proqramını hazırlayıb, bu proqrama əsasən, illik 10-12%-lə ev əldə etmək mümkündür. Yeri gəlmişkən, ABB-nin faiz dərəcəsi Rusiya, Ukrayna və digər ölkələrə nisbətən nəzərə çarpacaq dərəcədə aşağıdır”, - deyə E.Həbibullayev bildirib.
“Bununla yanaşı, bizim proqramımızı adi ipoteka kreditlərindən fərqləndirən cəhət budur ki, bizdə kredit alarkən əmlak üçün girov qoymaq tələb olunmur. Girov olaraq şəxsin əmlak hüququ qeydiyyata alınır. Yəni biz kupça olmadan əmlak müqavilələri ilə mənzil kreditləri verə bilərik”, - deyə o qeyd edib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.