Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və baş məsləhətçisi Adil Hacıyev Müdafiə Nazirliyinin əməkdaşı ilə birlikdə Ağdam və Bərdə rayonları ərazisində yerləşən N saylı hərbi hissələrə baxış keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, hərbi hissələrdə şəxsi heyətlə fərdi və kollektiv söhbətlər aparılıb.
Həmin hərbi hissələrə əvvəlki başçəkmələrlə müqayisədə hərbi qulluqçuların məişət şəraiti, əşya, ərzaq və tibb təminatları ilə bağlı son vaxtlar müsbət dəyişikliklər müşahidə olunub. Başçəkmə zamanı bu sahədə çatışmazlıqlar aşkar edilməyib, yeməklərin keyfiyyəti və miqdarı müvafiq normalara uyğun olub.
Eyni zamanda məlum olub ki, döyüş bölgəsində yerləşən hərbi hissələrin məişət şəraitinin daha yaxşılaşdırılması və hərbi qulluqçuların təsərrüfat işlərindən kənarlaşdırılması, bu işlərə mülki şəxslərin cəlb edilməsi istiqamətində islahatlar aparılır.