Regional infrastrukturun inkişafı əməkdaşlığa dair gündəliyimizin prioritet məqsədi olmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə XİN başçısı Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclasında çıxışında bəyan edib.
“İƏT xüsusilə dəmir yolu xətlərinin və onunla bağlı olan digər infrastrukturun modernləşdirilməsi, habelə ümumi dəmir yolu şəbəkəsinin yaradılması və onun Avropa və Yaxın Şərq dəmir yolu şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir”,- deyə E.Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, regional əhəmiyyət daşıyan və inşa olunan dəmiryol xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tikintisinin erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaq.
E.Məmmədyarov regional səviyyədə inteqrasiya proseslərinin sürətlənəcəyinə və İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığın mövcud mexanizmlərini inkişaf etdirmək üçün region daxilində yeni yol və vasitələrin tapılacağına ümid etdiyini bildirib.
“Bu, həmçinin təşkilatımızın fəaliyyətini də gücləndirəcək”, - deyə nazir qeyd edib.
O deyib ki, Azərbaycan təşkilatın effektiv quruma çevrilməsi üçün İƏT-də islahatların aparılması prosesini dəstəkləyir.
Nazir bildirib ki, “qarşılıqlı təmasların gözlənilən təsirini, eləcə də müvafiq sahələrdə ayrı-ayrı ölkələrin müqayisəli üstünlüyü nəzərə alaraq əməkdaşlıq üçün prioritet sahələrin prioritet siyahısının müəyyənləşdirilməsinə ehtiyacın olduğunu qəbul edirik”.
E.Məmmədyarov elmi tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi məsələsinə toxunaraq qeyd edib: “İƏT Tədqiqat Mərkəzinin yaradılması və İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsinin erkən qəbul edilməsi bu məqsədlərə nail olmaq üçün katalizator rolunu oynaya bilər”.
“Fürsətdən istifadə edərək bütün üzv dövlətlərdən bu təşəbbüsü dəstəkləməyi xahiş edirəm”, - deyə Azərbaycan XİN başçısı tədbir iştirakçılarına müraciət edib.