Azərbaycanda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna düzəlişlər qüvvəyə minib.
Düzəlişlərin mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
Düzəlişlərə əsasən, bu sığorta növü üzrə xidmət göstərən sığorta şirkətləri İcbari Sığorta Bürosunun (İSB) üzvü olmalıdır.
Qanuna edilən düzəlişlərə müvafiq olaraq sığorta hadisəsi üzrə birdəfəlik ödənişin həcmi zərərçəkənin (həlak olanın) orta aylıq əmək haqqının 12 mislinə bərabər olmalıdır.
Azərbaycan parlamenti oktyabrın 29-da keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna düzəlişləri qəbul edib.
Xəbər verildiyi kimi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsi ilə yalnız həyat sığortası üzrə ixtisaslaşmış sığortaçılar məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti fəaliyyət göstərir.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk dərəcəsinə ayrılıb. Qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.
12 sığorta şirkəti İSB-nin üzvüdür.
Ümumiyyətlə Azərbaycanda 28 şirkətin sığorta fəaliyyəti göstərmək üçün lisenziyası var.