Dünya Bankı (DB) Azərbaycanda təhsil sahəsində həyata keçirəcəyi layihə üzərində işləyir. Bu barədə DB-nin baş mütəxəssisi Sachiko Kataoka bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın məlumatında deyilir ki, konfederasiyanın prezidenti Məmməd Musayev DB-nin baş mütəxəssisi Sachiko Kataoka ilə görüş keçirib. Görüşdə əsas məqsəd DB-nin Azərbaycanda təhsil sahəsindəki mövcud vəziyyətin müzakirə edilməsi olub.
"İlk mərhələdə DB ölkəmizdə ali və texniki təhsil sahəsini araşdıracaq. Bu sahədəki ehtiyacları öyrəndikdən sonra bank müvafiq layihə hazırlayacaq”, - deyə baş mütəxəssis bildirib.
M.Musayev deyib ki, dövlət tərəfindən xeyli iş görülsə də, hal-hazırda bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Belə ki, müasir dövrün tələbinə uyğun əyani vəsaitlərin olmaması, biliklərin təcrübədə tətbiq edilməsi bu sahədə müəyyən nöqsanlara yol açır.
"Hələ də biznes sektorunda ixtisaslı kadrlara tələbat yüksəkdir”, - deyə o qeyd edib.