Azərbaycan və İran sərhədçiləri sərhəd problemlərini müzakirə etmək üçün dekabr ayında görüşəcəklər. Bu barədə çərşənbə günü jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.
“İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının iclası bu ilin dekabr ayında keçiriləcək. İclasda Culfa sərhəd-keçid məntəqəsində yeni körpünün istifadəyə verilməsi məsələsi müzakirə olunacaq”, - deyə diplomat bildirib.
Səfir görüşün dəqiq vaxtının müəyyən edilmədiyini, tərəflərin bunun üzərində işlədiyini söyləyib.
Xəbər verildiyi kimi, Azərbaycan noyabrın 6-da Biləsuvar rayonu ərazisindəki Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb. Buna səbəb azərbaycanlı traktorçuya İran tərəfdən atəş açılması olub. Buna cavab olaraq İran tərəfi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
İranın Azərbaycandakı səfiri daha əvvəl “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, çəkisi 30 tondan çox olan yük maşınlarının sərhədi keçməsinə məhdudiyyət qoyulması Culfada Araz çayı üzərindəki körpünün çox köhnə olması ilə əlaqədardır. Bu ilin dekabr ayında Anlaşma Memorandumu imzalanmalıdır ki, bu sənəd yeni körpünün istismara verilməsini, avtomobillərin çəkisinə qoyulmuş məhdudiyyətin isə tamamilə aradan qaldırılmasını nəzərdə tutur.