Çərşənbə günü Bakının Nərimanov rayonundakı parkda “Bakı və Həştərxan dostluğu” abidəsinin açılış mərasimi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Abidənin açılış mərasimində RF-nin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və başqaları iştirak ediblər.
Jurnalistlərlə söhbət zamanı A.Jilkin bildirib ki, bu abidə Bakı və Həştərxan arasındakı dostluğun simvoludur. “Mən çox şadam ki, Azərbaycan prezidenti park və abidənin məhz Bakı şəhərində yaradılması ideyasını dəstəklədi. Bildiyim qədər, bu, Rusiya şəhərlərindən biri ilə dostluğu əks etdirən ilk abidə və parkdır ki, bu da məndə qürur hissi oyadır. Bu, həm də Həştərxan vilayəti ilə Azərbaycan arasında çox sürətlə inkişaf edən münasibətlərin təzahürüdür.
A.Jilkin söyləyib ki, bu dostluq münasibətləri konkret layihələrin həyata keçirilməsində özünü göstərir. “Həştərxanda hörmətli İlham Heydər oğlu Əliyevin təşəbbüsü ilə bir çox obyektlər yaradılıb. Bunlar ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidə və onun adını daşıyan bağ, dostluq körpüsü, H.Əliyev adına məktəbdir. Dekabr ayının sonunda Azərbaycan prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun vəsaiti hesabına knyaz Vladimirin abidəsinin açılışı olacaq”,- deyə o qeyd edib.