Naxçıvan Muxtar Respublikasında Bəhruz Kəngərli adına Rəssamlar Birliyinin sərgi salonunda türkiyəli rəssam Tamer Toğrulun əsərlərindən ibarət sərgi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Sərgidə türkiyəli fırça ustasının müxtəlif janrlarda işlənmiş 100-ə yaxın əsəri nümayiş olunub.
“Mənim fərdi sərgim Naxçıvanda ilk dəfə təşkil olunur və mən naxçıvanlı rəsm həvəskarları ilə görüşümə çox şadam. Mən rənglərin dili ilə təvir etdiyim Anadolunun tarixi abidələri və təbiətinin gözəlliyi barədə təəssüratlarımı onlarla bölüşmək istəyirəm”, - deyə T.Toğrul “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. O qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət bölməsi ilə əməkdaşlıq çərçivəsində muxtar respublikaya səfəri zamanı Naxçıvanla tanış olub və bu diyarın gözəlliyi onu heyran edib. Rəssamın sözlərinə görə, onun son bir neçə əsəri Naxçıvana həsr olunub və bu əsərlər sərgidə nümayiş etdirilir.
Sərgi Naxçıvan MR Rəssamlar Birliyi və Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun dəstəyi ilə təşkil olunub və bir həftə davam edəcək.