2013-cü il dekabrın 5-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Biznes forum Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq.
Avstriya nümayəndə heyətinin tərkibinə tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər sahələrində fəaliyyət göstərən 20-ə yaxın Avstriya şirkətinin təmsilçiləri daxil olacaq.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.