İsrail prezidenti Şimon Peres hesab edir ki, İsrail və Fələstin arasında təcili olaraq sülh bağlanmalıdır.
“Biz razılığa gəlmişik ki, münaqişənin dayandırılması iki xalq üçün iki dövlət haqqında məsələnin həllinə əsaslanmalıdır. Təcili sülh bağlanmalıdır və bu mümkündür”, - deyə İsrail prezidenti Mexikoda səfərdə olarkən bəyan edib.
“Biz düşmən olmaq üçün doğulmamışıq, biz başqa xalq üzərində hökmranlıq etmək, kiminsə torpaqlarını zəbt etmək üçün doğulmamışıq, biz sülh üçün doğulmuşuq”, - deyə KİV-lər prezidentin meksikalı həmkarı Enrike Penya Nyeta ilə görüşdən sonra verdiyi bəyanata istinadən yazır.
2013-cü ilin iyul ayında İsrail və Fələstin arasında uzun sürən fasilədən sonra sülh danışıqları bərpa edilib, lakin danışıqlar İsrailin İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini gücləndirməsi ilə əlaqədar dayandırılıb. Fələstin tərəfi qəti şəkildə İsrailin bu addımına qarşı çıxır.