Azərbaycan prezidenti İlham Əliyev tibb sahəsində çalışanların aylıq vəzifə maaşlarına əlavələrin edilməsini nəzərdə tutan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna düzəlişləri təsdiq edib. Bu barədə cümə axşamı rəsmi mətbuatda məlumat verilir.
Milli Məclisin oktyabrın 29-da keçirilmiş plenar iclasında qəbul edilmiş və prezident tərəfindən təsdiqlənmiş “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna düzəlişlərə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanuna edilən düzəlişlər əhalinin sağlamlığının qorunması sahəsində inzibati xətalara görə məsuliyyət tədbirlərinin gücləndirilməsinə, tibb işçilərinin maddi təminatının və sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.