Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının payız sessiyasi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Milli Məclisin sədri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
Keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Noyabrın 28-də nümayəndə heyətimizin üzvləri MDB PA-nın Şura iclasında iştirak ediblər. İclas iştirakçıları oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndiriblər.