Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası (MŞ) ARDNF-in 2014-cü il büdcəsi layihəsinin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunmasını tövsiyə edib. Bu barədə ARDNF-in məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin gəlirlərinin 11 626 943,4 min manat, xərclərinin 11 349 934,8 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 58 140,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.
Fondun 2014-cü il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması tövsiyə edilib.
2013-cü ildə ARDNF-in gəlirləri 11 mlrd. 482 mln. 40,4 min manat, xərcləri 13 mlrd. 403 mln. 99,4 min manat səviyyəsində təsdiq olunub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.