Azərbaycanın UNESCO ilə əməkdaşlığı ölkənin mədəni irsinin dünyada təbliğatı üçün geniş imkanlar yaradır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Azərbaycanın UNESCO ilə sıx əməkdaşlığı ölkənin zəngin mədəni irsinin dünyada təbliğatı və təqdimatı üçün geniş imkanlar açır”, - deyə İ.Əliyevin bazar ertəsi Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyinə həsr olunmuş Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitənin səkkizinci sessiyasının iştirakçılarına müraciətində bildirilir.
Sessiyanın açılış mərasimində prezidentin müraciətinin mətnini baş nazirin müavini Elçin Əfəndiyev oxuyub.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan hər zaman UNESCO ilə birgə layihələrə böyük diqqət ayırıb. Təşkilatın Azərbaycan xalqının muğam, aşıq sənəti, xalçaçılıq, Novruz bayramı kimi mədəni irs nümunələrinə olan diqqəti ikitərəfli münasibətləri daha da möhkəmləndirib.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyasına toxunan İ.Əliyev vurğulayıb ki, bu sənəd multikulturalizmin təbliğatı və mədəni irsin qorunması istiqamətində mühüm rol oynayıb.
Azərbaycan prezidenti müraciətində Bakıda keçirilən sessiyada qəbul edilən qərarların mədəni irsin qorunmasına töhfə verəcəyinə və müxtəlif mədəniyyətlər arasında dialoqu möhkəmləndirəcəyinə əminlik ifadə edib.