Bazar ertəsi Bakıda Milli Məclisin deputatı, publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının növbəti cildinin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbirdə çıxış edən müəllif qeyd edib ki, indiyədək kitabın 12 cildi nəşr edilib: yeddi cild rus dilində, beş cild isə Azərbaycan dilində.
“Kitabın Azərbaycan dilində altıncı və yeddinci cildləri üzərində iş aparılır”, - deyə E.Axundova qeyd edib.
“Heydər Əliyevin xidmətləri bütün Azərbaycan xalqına məlumdur. Ümummilli lider Azərbaycanı Sovet İttifaqı respublikaları arasında ucaldıb, sovet dövrünün ən parlaq rəhbəri olub. O, xalqına və vətəninə bağlı idi, Azərbaycanın maraqları uğrunda işdə səylərini əsirgəmirdi”, - deyə parlamentin deputatı Fəttah Heydərov bəyan edib.
“Heydər Əliyev haqqında çoxlu sayda kitab nəşr edilir. Lakin E.Axundovanın kitabının dəyəri bundadr ki, bu kitab Heydər Əliyevin həyat və fəaliyyətinin şahidlərinin söylədiyi faktlara əsaslanır”, - deyə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
“Biz çox gözəl kitabın təqdimatında iştirak edirik. Bu kitab epitetlərlə zəngin olmasa da, Heydər Əliyevin şəxsiyyətini açır. O, əsl lider olub”, - deyə Milli Məcisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin vurğulayıb.