Azərbaycanın mobil rabitə operatoru “Bakcell” şirkəti 2014-cü ildən etibarən LTE şəbəkəsini (4G) istifadəyə verir. Bu barədə bazar ertəsi jurnalistlərə şirkətin baş direktoru Riçard Şirer bəyan edib.
“Biz indi (“BakuTel-2013” beynəlxalq sərgisi çərçivəsində şirkətin stendində - İF-Az) sınaqdan keçirdik və testlərin nəticələri şəbəkənin istifadəyə hazır olduğunu göstərdi. Şəbəkəni gələn ildən işə salmağı planlaşdırırıq”, - deyə R.Şirer bildirib.
Baş direktor, həmçinin “ASAN İmza” xidmətinin tətbiqi barədə də məlumat verib. Onun sözlərinə görə, birinci mərhələdə xidmətdən korporativ müştərilər, gələcəkdə isə fiziki şəxslər də istifadə edə biləcəklər.
“Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinə toxunan şirkətin rəhbəri bəyan edib ki, “Bakcell” bu prosesə tam hazırdır və digər operatorları gözləyir. “Bu, həm bizim şirkətimiz, həm də bütün bazar üçün zəruridir”, - deyə o vurğulayıb.
“Bakcell” şirkəti 1994-cü ilin mart ayında yaradılıb və respublikada fəaliyyət göstərən üç GSM-operatordan biridir. Hazırda “Bakcell” ölkə ərazisinin 80%-ni əhatə edir.