Azərbaycanın mobil rabitə operatoru olan “Azercell” şirkəti 1 yanvar 2014-cü il tarixindən ölkədə “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinə ümid edir. Bu barədə şirkətin baş direktoru Kiril Qaburiç bazar ertəsi brifinqdə bəyan edib.
“Azercell” şirkəti bu xidmətin göstərilməsinə texniki cəhətdən tam hazırdır. Lakin hər şey bütün operatorların hazırlığından asılıdır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliynin müxbirinin sualına cavabında bildirib.
Xəbər verildiyi kimi, “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinin təşəbbüskarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Bu xidmətin tətbiqi Azərbaycanın bütün mobil rabitə operatorlarının hazır olmaması səbəbindən dəfələrlə təxirə salınıb.
“Mobil Nömrələrin Daşınması Sistemi” layihəsinin mahiyyəti mobil rabitə abonentinin bir operatordan asılılığının aradan qaldırılmasından ibarətdir. Xüsusilə abonentlər kod və nömrələrini dəyişmədən öz GSM operatorlarını başqası ilə əvəz edə biləcəklər. Bunun üçün abonentlər yalnız operatoru dəyişmək barədə ərizə yazmalıdırlar.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – “Azercell”, “Bakcell” və “Azerfon”.
“Azercell” şirkəti 1996-cı il yanvarın 19-da təsis edilib, hazırda “TeliaSonera” şirkətlər qrupuna daxildir.
Azərbaycanın mobil rabitə bazarında “Azercell Telecom” şirkətinin payı 53% təşkil edir və şirkət respublika ərazisinin 99,8%-ni əhatə edir. Şirkətin abonentlərinin ümumi sayı 4,4 mln. təşkil edir.