Trans-Avrasiya İnformasiya Supermagistralı (TASİM) layihəsinə daxil olan beş ölkənin operatorları Anlaşma Memorandumu imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri çərşənbə axşamı məlumat verib.
Sənədi Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (Azərbaycan), “Rostelekom” (Rusiya), “Türk Telecom” (Türkiyə), “Kaztranscom” (Qazaxıstan) və “China Telecom” (Çin) şirkətlərinin rəhbərləri imzalayıblar.
Memoranduma görə, yaxın vaxtlarda tərəflər TASİM xəttinin inşası və istismarı haqqında müqavilə imzalayacaqlar.
İmzalanma mərasimindən sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, sənəd TASİM layihəsinin gələcək çevrəsini, iştirakçıların maliyyə öhdəliklərini və operatorların hüquqi statusunu müəyyən edir.
BMT Baş Assambleyasının qətnaməsinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün əlaqələndirici təyin edilib.