İtaliyanın Azərbaycandakı ticarət nümayəndəsi Luidci D’Aprea hesab edir ki, iki ölkə arasında biznes əlaqələrinin genişləndirilməsi lazımdır.
“Bizim məqsədimiz italiyalı sahibkarları Azərbaycanla tanış etmək, buradakı investisiya imkanlarını onlara göstərməkdir. Bununla yanaşı, biz azərbaycanlı iş adamlarına İtaliyaya investisiya qoyuluşları imkanlarını göstərmək istəyirik”, - deyə L.D. Aprea “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, İtaliya Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır.
“Azərbaycan böyük imkanları olan ölkədir və biz onunla iqtisadi əlaqələri inkişaf etdirməyə çalışırıq. Bununla yanaşı, İtaliya şirkətləri də Azərbaycan bazarına maraq göstərir”,- deyə o qeyd edib.
Ticarət nümayəndəliyinin rəhbəri Azərbaycanda İtaliya istehsalı olan mallara böyük tələbatın olmasından məmnunluq ifadə edib.
“İtaliya istehsalı olan məhsullar Azərbaycanda çox məşhurdur və bu, bizi məmnun edir. İtaliyalı sahibkarlar azərbaycanlı həmkarları ilə birlikdə artıq Azərbaycan və onunla qonşu ölkələrdəki istehlakçılar üçün məhsul istehsal edirlər, çünki bu bazarda İtaliya mallarına tələbat olduqca yüksəkdir”, - deyə o vurğulayıb.
L.D’Apreanın sözlərinə görə, şərab istehsalı ilə məşğul olan doqquz şirkətin nümayəndələri Azərbaycanda səfərdədir və onlar öz mallarını Azərbaycan istehlakçılarına təqdim ediblər.
“Biz bütün sahələrdə əməkdaşlığa hazırıq - memarlıq, tikinti, dizayn və bir çox digər sahələrdə. İtaliya öz şərabı ilə məşhurdur və bizim məqsədimiz məşhur İtaliya brendlərinin təqdimatını keçirməkdir”,- deyə o bildirib.
L.D’Aprea söyləyib ki, bu ilin dekabr ayında iqtisadi əməkdaşlıq üzrə İtaliya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
“Görüş yəqin ki, Bakıda olacaq. Tərəflər iqtisadi əməkdaşlığın inkişaf yollarını müzakirə edəcəklər. Bununla yanaşı, 2014-cü ilin fevralında tikinti-memarlıq sahəsi üzrə azərbaycanlı mütəxəssislər ixtisasartırma kursları keçmək üçün İtaliyaya gedəcəklər”, - deyə o qeyd edib.