Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Layihəni təqdim edən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qeyd edib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlıdır.
Dəyişikliklərin edilməsində məqsəd "Təhsil haqqında" qanunun daha əvvəl qəbul edilmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna uyğunlaşdırılmasıdır.
Beləliklə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və gənclər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.